25–26 sentyabr 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının (NMR) büdcəsinin hazırlanmasında istifadə olunacaq avtomatlaşdırılmış Büdcə İdarəetmə İnformasiya Sisteminin proqram təminatının (BMIS PT) ilkin təqdimatı məqsədilə NMR Maliyyə Nazirliyində Nazirliyin mərkəzi aparatının və yerli maliyyə orqanlarının əməkdaşları ilə görüş keçirilmişdir.
Görüşün ilk günündə tabeli qurumlar tərəfindən xərc sifarişi sənədlərinin və gəlir proqnozu sənədlərinin hazırlanması, onların NMR Maliyyə Nazirliyinin aidiyyəti struktur bölmələrinə təqdim edilməsi, ümumiləşdirilməsi və eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi prosesi müzakirə olunmuşdur. Sistemin mövcud funksional imkanları SINAM MMC-nin işçi qrupunun nümayəndəsi, maliyyə analitiki Tural Nəsibli tərəfindən real vaxt rejimində nümayiş etdirilmişdir. Görüşlər zamanı texniki məsələlər və səsləndirilən təkliflər SINAM MMC-nin işçi qrupunun nümayəndəsi, baş proqramçı Fərid Səmədov tərəfindən cavablandırılmışdır.
Görüşün ikinci günündə NMR maliyyə nazirinin müavini Elvin Alimərdanovun və Nazirliyin mərkəzi aparatının əməkdaşlarının iştirakı ilə Müəssisə Resurslarının Planlaşdırılması (ERP) sisteminin təqdimatı keçirilmişdir.
Görüş zamanı SINAM MMC-nin işçi qrupunun nümayəndəsi, analitik qrupun rəhbəri Fariz Cəfərov FARABI layihəsi, layihə çərçivəsində yaradılmış ERP sisteminin tarixi və inkişaf mərhələləri, sistemdən istifadə edən qurumlar, eləcə də sistemin əsas modulları barədə məlumat vermişdir. Tədbir iştirakçılarının sualları cavablandırılmış və irəli sürdükləri təkliflər müzakirə olunmuşdur.
