Konfransın məqsədi ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı mövcud problemləri və onların həlli yollarını müzakirə etmək, biznes və elm nümayəndələrinin birgə iştirakı ilə rəqəmsallaşmaya müxtəlif istiqamətlərdən yanaşmaq və sinergetik təsir nəticəsində tamamilə yeni təcrübə formalaşdırmaqdır.
Konfransın digər məqsədi müstəqil Azərbaycanda biznes sahəsi kimi 30 il ərzində inkişaf etmiş və davamlı şəkildə təkmilləşmiş yüksək texnologiyalar sektoruna nəzər salmaqdır. Yerli texnologiya biznesinin davamlı transformasiyası və qarşıdakı illər üçün inkişaf strategiyalarının müəyyənləşdirilməsi də xüsusi müzakirə mövzularından biridir.
Ölkəmizin bu istiqamətdə gələcəyinə töhfə vermək məqsədilə “SINAM” MMC Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan universitetlərlə birlikdə informasiya texnologiyaları və rəqəmsal transformasiya, intellektual sistemlər və digər əlaqəli elm sahələri üzrə alim və mütəxəssisləri, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Qərbi Azərbaycan İcmasının, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA), Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının informasiya texnologiyaları ilə əlaqəli əməkdaşlarını elmi-praktik konfransa dəvət edir.
Konfransda təqdim edilən və Təşkilat Komitəsi tərəfindən seçilən məqalələr Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya cəmiyyətinin problemləri” jurnalında dərc olunacaq.
Konfransın işi aşağıdakı bölmələr üzrə təşkil ediləcək:
- Əşyaların interneti texnologiyalarına əsaslanan sənaye və kənd təsərrüfatı kiberfiziki sistemləri;
- Sənaye, biznes və cəmiyyətdə intellektual idarəetmə sistemləri;
- Ağıllı şəhərlər, kəndlər və infrastrukturlar — modelləşdirmə, simulyasiya və inkişaf;
- Ətraf mühit məlumatlarının analitikası və qərarların qəbuluna dəstək verən kompüter və informasiya sistemləri.
