Azenru

Milli Arxiv İdarəsində elektron sənəd dövriyyəsi sistemi tətbiq edilib

Azərbaycan Milli Arxiv İdarəsi elektron sənəd dövriyyəsi sistemini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “SİNAM” şirkətinin məlumatında deyilib.

Məlumatda bildirilir: “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi üçün Elektron Arxiv Sistemi” layihəsi çərçivəsində elektron xidmətlər rejimi istifadəyə verilib. Layihə SİNAM şirkəti tərəfindən həyata keçirilib. Rejimdən istifadə üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur”.

Bununla yanaşı, Milli Arxiv İdarəsində elektron sənəd dövriyyəsi sistemi də istismara verilib. Elektron Arxiv Sistemindən istifadə vərdişlərinin öyrədilməsi üzrə istifadəçilərə təlim keçirilib və sistem tam həcmdə istismara verilib.

Sözügedən Elektron Arxiv Sistemi EMC şirkətinin Documentum proqram təminatı bazasında yaradılıb. Sistem arxiv fondu sənədlərinin (kağız sənədlər, kitablar, audio, video, böyük çertyojlar, xəritələr, şəkillər və s.) rəqəmləşdirilməsi işinin avtomatlaşdırılması; istənilən dildə mətn sənədlərinin tanınması və sistemdə kontekst üzrə axtarış imkanlarının təmin olunması; rekvizitlərə görə sənədlərin axtarışının təmin olunması və həmçinin sənədlərin əsillərinin arxivdə fiziki yerləşmə yerlərinin təyin olunması üçün sənədlər barəsində metaverilənlərin verilənlər bazasına daxil edilməsi və yadda saxlanması; sənədlərin sorğulanması, axtarışı və baxılması üçün sadə və istifadəçiyə hesablanmış veb-interfeysin təmin olunması; sistemdə mikrofilmlərin rəqəmsal şəklə salınması üçün xüsusi skanerlərin təmin olunması kimi imkanlara malikdir.

Hazırda SİNAM şirkəti tərəfindən Milli Arxiv İdarəsində foto-kino arxivin rəqəmləşdirilməsi və sənəd dövriyyəsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız