Azenru

FARABI layihəsinin tətbiqinin vəziyyəti ətraflı müzakirə olundu

İyunun 27-də “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin ilkin nəticələri, təhsil sistemində FARABI layihəsinin tətbiqi vəziyyəti və perspektivlər” mövzusunda təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, ali məktəblərin rektorları, baş mühasibləri və kadrlar şöbələrinin rəhbərləri iştirak etmişdir.

Tədbirin birinci hissəsində ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin mahiyyəti və onun tətbiqinin ilkin nəticələri barədə Maliyyə naziri S. Şərifov və Təhsil naziri M. Cabbarov çıxış etmişlər.

Maliyyə naziri S. Şərifov informasiya texnologiyalarının təhsil sektorunun idarə olunması sisteminə inteqrasiyasının mütərəqqi hal olduğunu qeyd etmişdir. Nazir yeni tətbiq olunan FARABI layihəsinin ali təhsil müəssisələrinin maliyyə və mühasibat hesabatlılığını milli və beynəlxalq standartlar səviyyəsində tam şəkildə avtomatlaşdırmağa, maliyyə-idarəetmə imkanlarını genişləndirməyə, eləcə də insan resurslarının idarə olunmasında bir sıra əlavə modulların tətbiqinə imkan verəcəyini bildirib.

Ali təhsil müəssisələrinin fəaliyyət indikatorları, yeni maliyyə mənbələrinin axtarışı, maliyyə səmərəliliyinin artırılması mövzusunda Təhsil Nazirliyinin sektor müdiri E. Əmrullayevin və Xəzər Universitetinin təsisçisi H. İsaxanlının təqdimatları maraqla qarşılanıb.

SİNAM şirkətinin prezidenti E. Əliyevin təqdimatında dövlət universitetlərində FARABI layihəsinin tətbiqinin cari vəziyyətinin detalları, prosesin dinamikası, mövcud problemlər və onların aradan qaldırılması üçün təkliflər göstərilmişdir.

Sonra təqdimatlar ətrafında müzakirələr aparılıb, ali təhsil müəssisələrinin rəhbərləri, mühasibat və kadrların idarə edilməsi üzrə nümayəndələri qeyd olunan məsələlər haqqında fikirlərini bildiriblər.

FARABI layihəsinin tətbiqi ilə bağlı problemlərə toxunaraq maliyyə naziri S. Şərifov ali məktəblərdə sistemin tətbiqinə daha hazırlıqlı və məsuliyyətli əməkdaşları cəlb etmək, onları maddi maraqlandırmaq lazım olduğunu bildirib. O, tətbiq prosesinin operativ tənzimlənməsi üçün rektorlara ayda bir dəfə hesabat verilməsini və işçi qrup ilə müvafiq müşavirə keçirilməsini tövsiyə etmişdir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız