“I Azərbaycan mühasiblər forumu - 2017” keçirilib
Aprelin 8-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “I Azərbaycan mühasiblər forumu - 2017” keçirilmişdir. Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının, Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin iştirakı ilə təşkil etdiyi forum Elektron Hökumət həlləri provayderi SINAM şirkətinin baş sponsorluğu ilə keçirilmişdir.
Forumda yerli və beynəlxalq audit və məsləhətçi şirkətləri, beynəlxalq maliyyə institutları, yerli dövlət qurumları və maliyyə təşkilatları, regional peşəkar mühasibatlıq təşkilatları, yerli və özəl şirkətlərin mühasibləri, habelə universitet və media nümayəndələri iştirak ediblər.
4 bölmədən ibarət olan forumun “Mühasibat uçotu sahəsində hüquqi baza və yeni çağırışlar” bölməsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin “Kommersiya təşkilatları üçün təklif olunan yeni hesablar planının və maliyyə hesabatı formalarının müasir tendensiyası – Mühasibat uçotu haqqında qanunda zəruri dəyişikliklər”, “Accounting&Financial Advisory” firmasının “Kiçik və orta şirkətlərdə mühasibatlığın mövcud problemləri və onların həlli yolları”, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin “Büdcədən maliyyələşən təşkilatlarda uçot və hesabatla bağlı mövcud əngəllər və onların aradan qaldırılması yolları” mövzusunda təqdimatları dinlənilib.
Forumun “Vergi islahatlarının uçota təsiri” bölümündə “2017-ci ildə Azərbaycan Respublikasının vergi məcəlləsində əlavə və dəyişikliklərin təqdimatı” və “Vergi qanunvericiliyindəki son dəyişikliklərin maliyyə və vergi uçotunda əks etdirilməsi yolları” mövzusunda məruzələr təqdim olunub. Bildirilib ki, Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi, malların alqı-satqı prosesində hərəkət zənciri boyu sənədləşmənin aparılması, vergidən yayınma hallarının qarşısının alınması məsələlərini əhatə edir.
Forumun üçüncü bölümündə mühasibatlıq sahəsində təhsil və sertifikasiya məsələləri müzakirə olunub. “Mühasibat uçotunun sertifikasiyası üzrə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi məsələləri”, “Mühasibat uçotunun tədrisinin təkmilləşdirilməsində dövlətin rolu”, “Ali təhsil müəssisələrində mühasibatlıq üzrə tədrisin metodikası və təhsilin əyani vəsaitlərlə təmini problemləri” və “Özəl peşəkar təlimin uçotun inkişafında rolu” mövzularında çıxışlar forum iştirakçılarına təqdim olunub.
Forumun son bölümündə “Mühasibatlıqda İKT: Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi” mövzusu müzakirə edilib. “Müəssisə resurslarının idarə edilməsində və milli mühasibatlıq sisteminin qurulmasında innovativ yanaşma” və “Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər” forum iştirakçılarının diqqətinə çatdırılıb. Maliyyə uçotunda informasiya həllərinin və bulud texnologiyalarının tətbiqinə toxunulub. SINAM şirkətinin yaratdığı SERP sistemi üzərində iştirakçılara bu texnologiyanın üstünlükləri çatdırılıb. Bugünkü gün SERP sistemi 100-dən artıq dövlət təşkilatında və ali təhsil müəssisəsində, həmçinin iri miqyaslı təşkilatlarda, o cümlədən banklarda, neft şirkətlərində və digər təşkilatlarda uğurla tətbiq olunur.