SINAM şirkəti Azərbaycan-Koreya Əməkdaşlıq Forumunda texnologiyalarını təqdim etmişdir
19 avqust 2016-cı il tarixində Bakıda Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuşdu.
Forum çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında “E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Forumda çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, Agentlik tərəfindən idarə olunan “ASAN xidmət” mərkəzlərində bu günə qədər 11 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Dörd ildir ki, fəaliyyət göstərən “ASAN xidmət”dən vətəndaşların məmnunluq indeksinin 98 faiz olduğunu bildirən İnam Kərimov, Azərbaycanda elektronlaşdırmanın dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.
Eyni zamanda Dövlət Agentliyinin sədri, elektron hökumət, “ASAN ödəniş” sistemi, dövlət xidmətlərinin reyestri, əcnəbilər üçün “ASAN Viza” sistemi haqqında da forum iştirakçılarına məlumat verib.
Forumda çıxış edən Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık bildirib ki, 25 il əvvəl qurulan Koreya və Azərbaycan diplomatik əlaqələri bu gün də sürətlə inkişaf etməkdədir. Nazir eyni zamanda vurğulayıb ki, bugünkü əməkdaşlıq forumu da iki ölkə arasında əlaqələrin genişlənməsi və qazanılmış təcrübələrin bölüşməsi baxımından çox önəmlidir.
Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-qyu çıxışında Koreyanın dünyada ən böyük elektron hökumət yaradaraq yüksək keyfiyyətli idarəçilik xidməti həyata keçirən bir ölkə olduğunu qeyd edib. Azərbaycanın da keçmiş Sovet İttifaqı ölkələri arasında ən inkişaf etmiş elektron hökumət yaratdığını və bu istiqamətdə səylərini sürətlə davam etdirən ölkə olduğunu bildirən səfir, hər iki ölkə arasında elektron hökumət ilə bağlı əməkdaşlığın qurulmasının dövlət xidmətləri sahəsinə böyük fayda verəcəyini bildirib.
Forumda SINAM şirkətinin prezidenti Elçin Əliyev “e-Hökümət Buludu effektiv idarəetmə üçün müasir platforma kimi” mövzusunda təqdimatla çıxış etmişdir. Öz təqdimatında E.Əliyev müasir dünyada hökumətin fəaliyyətinin effektivliyi, İKT-nin idarəetmədə tətbiq səviyyəsi və elektron servislərin vətəndaşlar və təşkilatlar üçün nə dərəcədə əlçatan və yararlı olması, belə effektivliyi təmin edən amillərdən olan e-Hökumət həllərinin Bulud (Cloud) mühitində tətbiqi, eləcə də qlobal tendensiyalara əsaslanan, respublika daxilində və xaricində bir sıra təşkilatlarda uğurla tətbiq olunmuş etibarlı e-Hökumət həlləri və onların Buludda tətbiqindən alınan fayda barəsində danışmışdır.
E.Əliyev forum iştirakçılarını şirkət tərəfindən tətbiq olunan ASAN-ödəniş də daxil olmaqla Hökumət Ödəniş Portalı, Regionların sosial-iqtisadi inkişafı üçün analitik informasiya sistemi, e-İmza İfrastrukturu (PKI) yaradılması üçün həllər toplusu, e-imza inteqrasiya olunmaqla Elektron Sənəd Dövriyyəsi sistemi, Respublikada aidiyyəti olan dövlət təşkilatlarında istifadə olunan informasiya sistemlərinə inteqrasiya olunmaqla “Yeni Doğulmuş Uşaqlara Fərdi İdentifikasiya Nömrələrinin (FİN) verilməsi” sistemi və s. layihələr haqqında məlumatlandırmışdır.
Qeyd edək ki, hazırda SINAM şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üçün ASAN Viza layihəsini reallaşdırır.