Azərbaycanın elektron xəritəsinə yeni xidmətlər əlavə edilir
Azərbaycanın İT şirkəti SİNAM GoMap elektron xəritəsi bazasında yeni xidmətlər təqdim edir.
SİNAM şirkəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü olan GoMap layihəsinin icraçısıdır.
Yaxın zamanlarda GoMap xəritəsində əks olunacaq yenilik yollardakı avtomobil tıxaclarının interaktiv əks olunma altsistemindən ibarətdir. Sürücülərin avtomobil yollarında tıxacların olması barədə məlumatlandırılması ilə əlaqədar yeni metod çərçivəsində FM diapazonlu radio kanallarından istifadə etmək nəzərdə tutulur. Tıxacların aşkar edilməsi avtomobil radioqəbulediciləri vasitəsilə həyata keçirilir. Bu və ya digər avtomobil yolunda tıxacın olub-olmaması avtomobillərin hərəkəti daha sıx olan halda aşkar edilir. Yollardakı tıxaclar haqqında bütün məlumatlar avtomatik olaraq elektron xəritədə əks olunacaq.
Bununla yanaşı, istifadəçilərin rahatlığı üçün elektron xəritənin verilənlər bazasına Azərbaycanda ünvanların daşınmaz əmlaklara aid edilməsi ilə əlaqədar yeni yanaşmanın tətbiq edilməsindən sonra aktuallıq qazanmış ikiqat ünvanlar sistemi əlavə edilir. Artıq ünvanlar binalara deyil, onların girişlərinə aid edilir. Ünvanların verilməsi ilə əlaqədar yeni təcrübə qabaqcıl dünya təcrübəsinə uyğundur və ünvanların axtarılmasına sərf olunan zamanı minimuma endirir.
GoMap xəritəsi rayonlara səfər etmək istəyən turistlər üçün faydalı ola biləcək marşrutun hamarlanması funksiyasına malikdir.
Bundan əlavə, elektron xəritəyə tarix və mədəniyyət abidələrinin fotoşəkil və təsvirləri də daxildir.