Azərbaycan İT-şirkətlərinin konsorsiumu Tanzaniyada keçirilən tenderdə qalib gələ bilər.
Tanzaniya Gəlirlər İdarəsinin İnteqrasiya olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin yaradılması və tətbiqi üzrə keçirilən tender çərçivəsində tender təkliflərinin açıqlanmasından sonra Azərbaycanın İT-şirkətlərindən ibarət konsorsium sözügedən tenderdə qalib gəlmək imkanı vardır.
SINAM JV MFI konsorsiumuna Azərbaycanın SINAM, Cybernet, Bestcomp Group şirkətləri və Tanzaniyanın MFI Document Solutions şirkəti daxildir. Konsorsiumun əsas podratçısı SINAM şirkətidir.
Nəticələri üç aydan sonra açıqlanacaq tenderdə Azərbaycan şirkətlərinin iştirakı Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması üzrə həyata keçirdiyi dövlət strategiyasının tərkib hissəsidir.
Tender təklifləri aşağıda göstərilmiş qaydada təqdim edildi:
23rd Century System - 7,97 mln. ABŞ dolları;
SINAM JV MFI - 8,77 mln. ABŞ dolları;
Crown Agents JV TechnoBrain - 11,8 mln. ABŞ dolları;
Data Torque Ltd JV Dimension Data - 13,51 mln. ABŞ dolları;
Sogema Technologies - 18,33 mln. ABŞ dolları;
Copy Cat Ltd JV TATIS International - 20,56 mln. ABŞ dolları;
Tata Consultant Services JV Tata Africa Holding Ltd - 24,97 mln. ABŞ dolları.
Maraqlıdır ki, tender çərçivəsində ən aşağı qiyməti təklif edən 23rd Century System şirkətinin SAP Gold Partner statusuna baxmayaraq şirkətin vergi sistemi üçün hazır həlli yoxdur ki, bu da onun bu tenderdə qalib gəlmək şansını xeyli azaltmış olur.
Qeyd etmək lazımdır ki, sözügedən tenderin şərtlərinə əsasən qiymətləndirmə zamanı maliyyə təklifi 40, texniki təklif isə 60 əmsalına malikdir. Ona görə də SINAM JV MFI konsorsiumunun maliyyə təklifilə 800 min ABŞ dollarlıq fərq texniki qiymətləndirmə zamanı heçə enə bilər, çünki 23rd Century System şirkətinin avtomatlaşdırılmış vergi sisteminin yaradılması və tətbiqi sahəsində təcrübəsi yoxdur.
Qeyd etmək lazımdır ki, optimal qiymətdən savayı Azərbaycan İT-şirkətlərinin konsorsiumu analoji layihələrin Azərbaycanda və Qırğızıstanda reallaşdırılması təcrübəsinə və qeyd edilən ölkələrdə illərdir ki, istismar edilən vergi sistemi üçün nəzərdə tutulmuş hazır həllərə malikdir. Bundan əlavə Azərbaycan şirkətləri maliyyə sahəsində daha bir neçə iri layihə reallaşdırıblar ki, bu da onların uğur qazanmaq şansını bir az da artırır.
Texniki cəhətdən Azərbaycan konsorsiumu ilə müqayisədə eyni səviyyədə olan digər iştirakçıların qiymət təklifləri isə ən aşağısı 25% bahadır.
Konsorsium yaradılarkən onun iştirakçılarının Tanzaniyada keçirilən tenderin predmetinə uyğun olaraq həmin layihəyə oxşar layihələrdə iş təcrübəsi, kadr potensialı, maliyyə imkanları və respublika xaricində reallaşdırılan layihələrdə iştirak təcrübəsi kimi çox mühüm göstəricilər nəzərə alınmışdır:
SİNAM şirkəti - Qırğızıstan Hökuməti yanında Dövlət Vergi Xidməti üçün "İnteqrasiya olunmuş Verginin İdarə olunması İnformasiya Sistemi", AR Maliyyə Nazirliyi üçün Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq hesabatı proqramı (FARABI), AR Milli Arxiv Fondu üçün Elektron Arxiv Sisteminin yaradılması, Hökumət Ödəniş Portalının yaradılması və digər iri miqyaslı e-hökumət həllərinin tətbiq olunduğu layihələri uğurla həyata keçirmişdir.
Cybernet şirkəti - AR Vergilər Nazirliyi üçün İnteqrasiya olunmuş Vergi İnzibatçılığı Sisteminin yaradılması, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçün Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarə olunması Sisteminin yaradılması kimi layihələri həyata keçirmişdir.
BestComp Group - AR Maliyyə Nazirliyi üçün FARABI proqramının fəaliyyəti üçün avadanlıq və standart/sistem proqram təminatı platformalarının təchizatı, AR Məhkəmə-Hüquq Şurası, ədliyyə təşkilatları və pilot məhkəmələr üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi və informasiya şəbəkəsinin yaradılması üçün İKT və digər avadanlığın təchizatı kimi layihələri həyata keçirmişdir.