Azenru

İT şirkətlərimiz birgə layihə reallaşdırır

Azərbaycanın İT-şirkətlərinin konsorsiumu Tanzaniyada tenderdə iştirak edir.

Xeberler.az-ın məlumatına görə, ilk dəfə Azərbaycanın İT şirkətləri birgə olaraq xarici ölkədə layihə reallaşdırmaq niyyətindədir .

Belə ki, Azərbaycanın İT şirkətlərinin iştirak etdiyi konsorsium Tanzaniya Gəlirlər İdarəsinin İnteqrasiya olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin tətbiqi üzrə keçirilən tenderdə iştirak edir.

Bu konsorsiuma Azərbaycanın SINAM, Cybernet və Bestcomp Group şirkətləri və yerli tərəfdaş qismində Tanzaniyanın MFI Document Solutions şirkəti daxildir. Konsorsium çərçivəsində operator SINAM şirkəti olacaq.

Qeyd edək ki, Azərbaycanın İKT sektorunda ilk dəfə olaraq şirkətlərimiz birgə xarici ölkədə İT-layihə reallaşdırmaq üçün müsabiqədə iştirak edir.

Qeyri-neft sektorunun inkişafı və ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq milli şirkətlər dünya bazarlarına kooperasiya olunaraq çıxır.

Tenderdə iştirak etmək üçün 40-dan artıq şirkət müraciət etsə də, yalnız SİNAM şirkətinin başçılıq etdiyi konsorsium və Keniya, Braziliya, Cənubi Afrika Respublikası, Kanada, Zimbabve və Lüksemburqdan olan ümumilikdə 8 şirkət öz təkliflərini təqdim edib.

Konsorsium yaradılarkən onun iştirakçılarının Tanzaniyada keçirilən tenderin predmetinə uyğun olaraq həmin layihəyə oxşar layihələrdə iş təcrübəsi, kadr potensialı, maliyyə imkanları və respublika xaricində reallaşdırılan layihələrdə iştirak təcrübəsi kimi çox mühüm  göstəriciləri nəzərə alınıb.

SİNAM şirkəti – Qırğızıstan Hökuməti yanında Dövlət Vergi Xidməti üçün “İnteqrasiya olunmuş Verginin İdarə olunması İnformasiya Sistemi”, AR Maliyyə Nazirliyi üçün Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq hesabatı proqramı (FARABI), AR Milli Arxiv Fondu üçün Elektron Arxiv Sisteminin yaradılması, Hökumət Ödəniş Portalının yaradılması və digər iri miqyaslı e-hökumət həllərinin tətbiq olunduğu layihələri uğurla həyata keçirib.

Cybernet şirkəti – AR Vergilər Nazirliyi üçün İnteqrasiya olunmuş Vergi İnzibatçılığı Sisteminin yaradılması, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçün Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarə olunması Sisteminin yaradılması kimi layihələri həyata keçirib.

BestComp Group – AR Maliyyə Nazirliyi üçün FARABI proqramının fəaliyyəti üçün avadanlıq və standart/sistem proqram təminatı platformalarının təchizatı, AR Məhkəmə-Hüquq Şurası, ədliyyə təşkilatları və pilot məhkəmələr üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi və informasiya şəbəkəsinin yaradılması üçün İKT və digər avadanlığın təchizatı kimi layihələri reallaşdırıb.

Seçmə Proqram Təminatı

Partnyorlarımız