Azenru

Qırğızıstan Dövlət Vergi Xidməti 25 illik yubileyini qeyd edib

Cari ayın əvvəlində Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətinin kollektivi 25 illik yubileyini qeyd edib. Yubiley tədbirlərində respublikada vergi xidmətinin təşəkkülü və inkişafı ilə əlaqədar görülmüş işlərin nəticələrinə nəzər salınıb.

Qeyd edilib ki, Qırğızıstan keçmiş SSRİ ərazisində vergi məcəlləsini qəbul edən ilk dövlətlərdəndir. Eyni zamanda vergi sisteminin fəaliyyət göstərməsi və inkişafı üçün hüquqi baza da hazırlanmışdır. Vergi sahəsində yeni islahat mərhələsi 1 yanvar 2009-cu ildə Qırğızıstan Respublikasının vergi məcəlləsinin yeni versiyasının yaradılması ilə başlamışdır.

Son illər ərzində aparılmış islahatlar nəticəsində Qırğızıstanda vergi idarəetməsi informasiya sisteminin baza modulları kompleksi tətbiq edilib. Bu modullar vergi xidmətinin infrastrukturunu yeniləməyə və təkmilləşdirməyə imkan verir. Çağırış mərkəzi, sayt, eləcə də “Bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən xidmət mərkəzləri daxil olmaqla vergi ödəyiciləri üçün yeni xidmət üsulları yaradılmışdır. Vergi ödəyicilərinin vergi öhdəliklərini yerinə yetirməsi prosedurasını sadələşdirmək üçün yeni vasitələr, eləcə də ödəmə və bank terminallarından, internet vasitəsilə ödəniş üsulundan istifadə etməklə ödəniş etmə imkanları istifadəyə verilib.

Qırğızıstan Vergi Xidmətinin informasiya sistemi Azərbaycanın SİNAM şirkəti tərəfindən yaradılmış və tətbiq edilmişdir. Sistem ölkənin ən böyük və uğurlu informasiya sistemi hesab olunur. Yubiley tədbirlərində SİNAM şirkətinin rəhbərliyi də iştirak edərək partnyorlarını təbrik edib. Tərəflər sistemin inkişaf etdirilməsi və təkmilləşdirilməsi istəklərini bildiriblər.

Seçmə Proqram Təminatı

Partnyorlarımız