“TransCaspian 2015” və “Road and Traffic 2015” sərgiləri 12 may tarixində öz işinə başlayıb
12 may tarixində Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika (“TransCaspian 2015”) və 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgiləri öz işinə başlayıb. Hər iki sərgi fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) da sərgilərə rəsmi dəstək verirlər. Həmçinin, “TransCaspian” sərgisi nəqliyyat sənayesi üzrə aparıcı təşkilat olan “ТРАСЕCА” ilə sıx əməkdaşlıq edir.
“TransCaspian” sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaradır. Sərgi hər il yükdaşıma və loqistika şirkətləri, vaqon avadanlıqlarının istehsalçıları, gəmiqayırma şirkətləri, nəqliyyat üçün intra-loqistika və informasiya sistemlərinin istehsalçıları, eləcə də dəniz və çay limanlarının nümayəndələrini öz meydançasında toplayır.
Beləliklə, “TransCaspian 2015” sərgisində Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Latviya, Litva, Rusiya, Fransa və İsveçrədən 72 şirkət təqdim olunacaq. Sərginin iştirakçıları arasında “Access Trans”, “Alstom Transport”, “ArcelorMittal” “Auto Lift Gmbh”, “AVP Technology” (“АВП”), Brest Elektrotexnika Zavodu, Qomel Vaqonqayırma Zavodu, “QT alümin-termit qaynaq”, “Liebherr”, “Matrix”, dəmiryol oxları istehsal edən “Murom Switch Works” (Murom) şirkəti, “Pakobo”, “Pervaya Lokomotivnaya Kompaniya”, “Stadler Rail Group”, “Trans Caucas Terminal”, “Transmaş” (Moskva) zavodu, “Transmaşholdinq” Ural Vaqon Zavodu və bir çox digər müəssisələr var. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edəcək. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan “Stadler Rail Group” şirkəti isə “TransCaspian 2015” sərgisinin sponsoru qismində çıxış edib.
Paralel olaraq keçirilən 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgisi yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, İntellektual Nəqliyyat Sistemi (İTS) və ictimai nəqliyyat peşəkarlarını öz meydançasında bir araya gətirib.