Azenru

"Elektron Hökumət" portalı ilə əməkdaşlıq sayəsində "Unibank" Kommersiya Bankı ASC kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.

Trend-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən verdiyi məlumata görə, müqavilə MHM və "Unibank" arasında imzalanıb. Müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır. "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi ilə yaradılıb. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək.

Xidmətdən istifadə etmək üçün vətəndaş e-hökumət portalında autentifikasiyadan keçməlidir. İstifadəçi autentifikasiyadan keçdikdən sonra xidmətdən yararlana biləcək və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları elektron arayışda avtomatik olaraq öz əksini tapacaq. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

Qeyd edək ki, elektron xidmətə daxil olunan zaman 7 dövlət qurumu tərəfindən vətəndaşlar haqqında məlumatlar təqdim olunacaq. Gələcəkdə daha cox qurumların məlumatları təqdim etməsi nəzərdə tutulub.

Elektron arayış sistemindən istifadə edərək vətəndaşlar bir sıra üstünlüklər əldə edəcəklər:

  • sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;
  • vətəndaşlar üçün vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;
  • bürokratik proseslərin ləğv edilməsi;
  • işlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;
  • çalışdığı müəssisə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Qeyd edək ki, "Bank of Baku" və "Bank VTB" artıq layihəyə qoşulublar.

Seçmə Proqram Təminatı

Partnyorlarımız