Qırğızıstan Dövlət Vergi Xidməti ilə SİNAM şirkəti Bişkekdə konfrans keçirib
16 aprel 2014-cü il tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Hökuməti yanında Dövlət Vergi Xidməti və SİNAM şirkəti “Qırğızıstanda Verginin İdarə Edilməsi İnformasiya Sisteminin (VİİS) yaradılması təcrübəsi” mövzusunda konfrans keçirib.
Konfransda Qırğızıstan Dövlət Vergi Xidməti və SİNAM şirkətinin rəhbərliyi, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri, prezident aparatının, hökumətin, Joqorka Keneşin, maliyyə sektorunun, donor cəmiyyətinin, eləcə də digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
Çıxışı zamanı Qırğızıstan Dövlət Vergi Xidmətinin icraçı sədri Zamirbek Osmonov aşağıdakı fikirləri bildirib: “Layihənin həyata keçirilməsi ilə əlaqədar nəzərdə tutduğumuz bütün işləri tamamlamışıq. Qeyd edim ki, Dövlət Vergi Xidmətinin avtomatlaşdırılması layihəsi vergi xidməti tarixində, hətta dövlət orqanları arasında ən böyük miqyaslı layihədir”.
Konfrans zamanı təşkilatçılar informasiya sisteminin yaradılması ilə əlaqədar təcrübələrini bölüşüblər.
SİNAM şirkətinin prezidenti Elçin Əliyev yeni sistemin strukturu və istifadə edilmiş texnologiyalar haqqında danışıb. Belə ki, Qırğızıstanda ilk dəfə olaraq elektron hökumət sistemi üçün lazım olan əlaqə mərkəzi, analitik hesabatlılıq altsistemi, elektron imza infrastrukturunun dəstəklənməsi, dövlət təşkilatları üçün elektron xidmətlər, vergi ödəyicilərinin təşkilatları üçün elektron xidmətlər və vətəndaşlar üçün elektron xidmətlər kimi bütün komponentləri əhatə edən tam inteqrasiya olunmuş sistem yaradılmışdır.