Azərbaycanın elektron xəritəsinin aparat platforması genişləndiriləcək
Türkiyənin elektron xəritəsinin GoMap sisteminə inteqrasiyası sistemin aparat platformasının genişləndirilməsi tələbini meydana çıxarır.
GoMap layihəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir və layihənin icraçısı SİNAM şirkətidir.
Şirkətdən verilən məlumata görə, Türkiyə xəritəsinin GoMap platformasına inteqrasiyası ilə əlaqədar əsas məsələlər həll edilib və hazırda daxili səviyyədə yoxlama işləri həyata keçirilir.
“Türkiyənin xəritəsinin miqyası Azərbaycanın xəritəsinin miqyasından dəfələrlə böyük olduğu üçün bir sıra texniki məsələləri həll etmək zərurəti meydana çıxır. Söhbət verilənlərin daha optimal emalı üçün aparat platformasını genişləndirmək zərurətindən gedir”, – şirkətdən verilən məlumatda belə deyilir.
Türkiyənin xəritəsinin GoMap sisteminə daxil edilməsi ilə əlaqədar razılıq Türkiyənin Infotech şirkəti ilə əldə edilib. Layihə bu şirkətlə əməkdaşlıq şəraitində icra edilir. GoMap xəritəsinin əhatə dairəsinin genişləndirilməsi onun Türkiyəyə səyahət edəcək turistlər üçün də faydalı olmasına gətirib çıxaracaq.
Gələcəkdə İranın xəritəsini də GoMap xəritəsinə inteqrasiya etmək nəzərdə tutulur.
Hazırda GoMap xəritəsi Azərbaycan və Gürcüstan ərazisində vahid marşrut təyin etməyə imkan verir. GoMap xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiyada “bulud” texnologiyaları əsasında yaradılmış ilk resurslardan biridir. Xəritəyə marşrutun hamarlanması funksiyası da əlavə edilmişdir. Bundan əlavə, elektron xəritə tarix və mədəniyyət abidələrinin şəkillərini və onlarla əlaqədar məlumatları da əhatə edir.