Son dövrlərdə milli informasiya resurslarımız regional və qlobal bazarlara çıxmaq istiqamətində addımlar atırlar. Azərbaycan qonşu ölkələrə İnternet xidməti təqdim etməklə bərabər həm də İnternet üzərindən müxtəlif xidmətlər də təqdim edir.
Bir sıra xarici ölkələrdə İT layihələr həyata keçirən SİNAM şirkəti həm də elektron formada xəritə xidmətlərini artıq qonşu ölkələrə də təqdim edir.
SİNAM şirkətinin yaratdığı GoMap layihəsinin meneceri Xaqani Nəsibovla müsahibə:
- GoMap hazırlamaq hansı zərurətdən yarandı?
- GoMap layihəsi 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yaradıldı. Azərbaycan sürətlə inkişaf edən və böyük turizm potensialına malik bir ölkədir. Bu gün dünyada turizm sahəsini inkişaf etdirmək üçün elektron vasitələrdən geniş istifadə edilir. Azərbaycanın tarixi-mədəniyyət abidələrini dünyaya tanıtmaq üçün bir elektron naviqasiya proqramına ehtiyac var idi. GoMap Layihəni yaratmaqda məqsədimiz ölkəmizə gələn turistləri Azərbaycanın abidələri, tarixi yerləri, ərazilərilə tanışlıqlarına vasitəçi olmaq oldu.
Bununla yanaşı, layihə ölkədə turizmin inkişafını sürətləndirməyə xidmət edir.
GoMap layihəsi yarandığı gündən sürətlə böyüməyə başlayıb. Belə ki, hazırda GoMap bütöv Azərbaycanı və Gürcüstanı əhatə edən böyük elektron resursa çevrilib.
Xəritənin kataloqunda 110 mindən çox obyekt var. Gürcüstan və Azərbaycan dövləti daxil olmaqla 48 min kilometrdən çox yollar və Azərbaycanın və Gürcüstanın meşə örtükləri, çayları, dağ zirvələri, kanalları, göllərı haqda məlumatlar var.
Bunların hamısı GoMap xəritəsində portalın kataloqunda öz əksini tapıb. Portalda əlavə olaraq turizm və mədəniyyət xəbərləri də yerləşdirilir.
- Fəaliyyətiniz zamanı hansı çətinliklərlə üzləşdiniz? Layihəyə kimlər dəstək verib?
- İstifadə etdiyimiz proqram, texnologiya nəinki Azərbaycanda, həmçinin dünyada ilk idi. Fəaliyyətimizə qədər heç kim belə texnologiya ilə maraqlanıb, məşğul olmamışdı. Layihəmizi həyata keçirmək üçün çox güclü proqram və CIS mühəndislər qrupu yaratdıq.
Mədəniyyət və Turizm Nazirliyi bu işdə bizə maddi, mənəvi dəstək oldu. Xəritənin tam formada ərsəyə gəlməsində və indiki formata düşməyində böyük proqramçı əməyindən istifadə edildi. GoMap-də istifadəçilərə görünməyən, amma bizə məlum olan proqram yenilikləri var. Fəaliyyət olan yerdə çətinliklər də olur. Qarşımıza çıxan problemləri üstələməyə çalışdıq.
GoMap yarananda layihə ilə nəzərdə tutulmuş iş hazır idi, amma ideyanın arxasında böyük işlər dayandığını bildiyimiz üçün xəritənin fəaliyyətini daha da genişləndirdik. Dünyada bu tipli böyük layihələr var, amma GoMap-i öz təcrübəmizlə yaratdıq. Kollektivimiz yerli proqramçılardan ibarətdir. Ehtiyac olmadığı üçün layihənin ərsəyə gəlməsində xarici mütəxəssislərin əməyindən istifadə etmədik.
- Hazırda “GoMap” hansı istiqamətləri əhatə edir?
- Azərbaycanı tam əhatə etməyə çalışdıq. Turistlər üçün GoMapda Azərbaycanın əsas 7 marşrutu haqda məlumat verilib və onlar şimal, cənub, qərb, şərq istiqamətində bütün əraziləri əhatə edir. GoMap Azərbaycan xəritəsinə Azərbaycan və Gürcüstan daxil olmaqla 118 min POİ (obyektlər, maraq nöqtələri) daxildir. Xəritədə yol hərəkət qaydaları və başqa xarakteristikalarla birgə 48 min 700 km-lik yollar var. GoMap xəritəsi göllər və daxili başqa su hövzələri də daxil olmaqla 2317 kv.km , çaylar və kanallar 33 min 897 km, yaşıllıqlar və meşələri əhatə etməklə 25 min 652 kv.km əhatə edir. Bununla yanaşı, dəmir yolları 3824 km, bina və tikililər 1 milyon 20 min, sərhədlər isə 114min 215 km-dir.
Həmçinin işğal altında olan torpaqlarımızın da xəritəsi var. Həmin əraziləri işğala qədər olan adları ilə xəritədə yerləşdirdik. Bu işdə bizə Şuşa rayon icra hakimiyyətinin başçısı cənab Bayram Səfərovun çox köməkliyi dəydi.
Bu informasiyaları şəkillərlə portalda yerləşdirmişik, amma gələcəkdə daha cəlbedici formada təqdim etməyi düşünürük. Bu gün internetdə axtarış sistemləri çoxdur, amma GoMap-in üstünlüyü odur ki, axtarılmış obyektləri tapdıqda onun haqqında geniş məlumatlar verir. Başqa axtarış sistemlərində bu imkan yoxdur.
- İnsanların tələbatı necədir? GoMap-dən hazırda istifadə səviyyəsi nəzərdə tutduğunuz vəziyyətdədirmi?
- GoMap-ın gündəlik 20 min istifadəçisi olur. Bəzən müxətlif yeni proqramları sistemə tətbiq etmək üçün qısa müddətə xəritəyə giriş mümkün olmur. Bu zaman hədsiz sayda zənglər, müraciətlər daxil olur ki, GoMap çalışmır. Bu da onun göstəricisidir ki, insanlar xəritədən fəal istifadə edirlər. Əslində istifadəçilərin fəaliyyətinə və saytın işləməsinə nəzarət edən ayrıca ştatımız var. Bununla yanaşı, kənardan da müraciətlər daxil olur. Hətta istifadəçilərimizdən çoxlu sayda məsləhətlər alırıq. Xəritədə təkliflər, şikayətlər bölməsi ilə yanaşı, istifadəçilərin obyektlərini daxil edə bilmə imkanları da mövcuddur. Onlar obyektə qiymət, rəy də verə bilərlər. Bunların hamısına nəzarət edirik və məsləhətləri nəzərə alırıq. Hazırda mobil istifadəçilərlə desktop istifadəçilərin sayı yarıbayarıdır.
- Xəritədən yerli əhali yoxsa xarici turistlər daha çox istifadə edir?
- GoMap-in statistikası göstərir ki, istifadəçilərin təxminən 80 faizi Azərbaycandan daxil olur. Təxminən 10 faiz Gürcüstan, digərləri isə Rusiya, Türkiyə, Amerikadan daxil olan istifadəçilərdir.
- Bəzən resursda problemlər də müşahidə edirik. Məsələn, “Nearby” hissəsində radiusa klik edəndə donur və ya gec açılır. Bunun səbəbi nə ola bilər?
- Sistemin özündə hər hansı ləngimə yoxdur. Əsas problem internetlə bağlı ola bilər. Yəni insanlar olduqları məkanda internet zəif ola bilər. Nəzərə almaq lazımdır ki, “Nearby” olduğunuz yerdə və onun ətrafında olan bütün obyektləri axtarıb tapır. Və bu da müəyyən zaman ala bilər.
- Mobil telefonlarda xəritənin Azərbaycan dilində olan formasını yükləmək mümkündürmü?
- Bəli, mümkündür. Xəritə 3 dildə fəaliyyət göstərir. İstifadəçilər mobil tətbiqə yüklədikləri xəritə üzərində yerlərini görə, hara gedəcəklərini müəyyənləşdirə bilər.
- GoMap-lə bağlı gələcəkdə hansı yeni istiqamətlər, fəaliyyətlər nəzərdə tutulur?
- Bu il ölkəmizdə Avropa Oyunları keçiriləcək. İndidən GoMap olaraq oyunlara hazırlaşırıq. GoMap naviqator kimi bütün avtobus və marşrutlarda yerləşdiriləcək. Ölkəmizə gələn qonaqlar proqramdan istifadə etməklə gedəcəkləri yeri rahat müəyyən edə biləcəklər. Həmçinin oyunlara dəstək vermək üçü Bakının mərkəzinin GoMap əsasında hazırlanmış oflayn naviqatoru əhaliyə və qonaqlara ödənişsiz təklif olunacaq. Belə ki, istifadəçilər bu proqramı pulsuz öz mobil telefonlarına yükləyə biləcəklər.
- Bildiyimiz qədəriylə GoMap üzərində mobil tətbiqlər hazırlamaq üçün Startup Azərbaycan layihəsi ilə əməkdaşlığa başlamısınız. Bu addımın atılması hansı zərurətdən doğub. Mobil tətbiqlərin hazırlanması layihənizin inkişafına necə təsir göstərəcək?
- Elektron resursların geniş ictimaiyyətə təqdim edilməsi üçün startap layihələrin dəstəklənməsi təqdirəlayiq haldır. Mobil tətbiqlərin yaradılması və fəaliyyətinin genişləndirilməsi bizim üçün vacibdir. Bu sahədə rahat fəaliyyət göstərmək üçün öz xəritəmiz də var. Lakin bu funksiyaları insanlara tanıtmaq lazımdır. Bu baxımdan startaplarla əməkdaşlıq bizim üçün uğurlu olacaq. “Startap Azərbaycan 2015”-də həm mobil tətbiqlərlə bağlı ayrıca bölmə ilə, həm də investor kimi çıxış edəcəyik. Hazırda GoMap-in fəaliyyəti istiqamətində birgə əməkdaşlıqla bağlı bir neçə startapla danışıqlarımız davam edir. Yeni təşkil olunan mobil tətbiqlərə şərait yaradırıq ki, bunu GoMap üzərindən yaratsınlar.
“Startap Azərbaycan 2015”-də GoMap üzərindən verilmiş mobil tətbiqlər içərisindən ən yaxşısı seçiləcək və yaradıcılara bahalı hədiyyə və ya pul mükafatı təqdim etməyi nəzərdə tutmuşuq. Həmçinin insanlara lazım olacaq bütün tətbiqlərin GoMap üzərindən həyata keçirilməsi üçün şərait yaradırıq.
-Məlumatımıza görə, GoMap layihəsini Türkiyə və Gürcüstanda da inkişaf etdirməyi düşünürsünüz . Hazırda regional bazarlara çıxmaqla bağlı işlər nə yerdədir?
-Layihəni böyük naviqator kimi formalaşdırırıq. GoMap 3 dövləti - Azərbaycan, Gürcüstan, Türkiyəni birləşdirəcək. Demək olar ki, bu istiqamətdə fəaliyyətlərimizi yekunlaşdırmaq ərəfəsindəyik. Yaxın vaxtlarda layihəni bazara təqdim edəcəyik.
Türkiyədəki tərəfdaşlarımız bu işdə bizə yardım edir. Amma Gürcüstanda özümüz çalışırıq, hələki tərəfdaşlarımız formalaşmayıb. Türkiyədə layihəni həyata keçirmək üçün onların xəritəsindən istifadə etdik. Türkiyəni də GoMap ilə birləşdirməyi düşünürük. Planımız var ki, Gürcüstan xəritəsini həm də gürcü dilində təşkil edək. Bu sahədə fəaliyyətlərimiz davam edir.
GoMap layihəsi Azərbaycanda ən uğurlu elektron layihələrdən biridir. Portalın insanlara tanıdılması baxımından müxtəlif işlər görürük, bununla bağlı tədbirlər həyata keçiririk, bütün turizm və nəqliyyat sərgilərində GoMap olaraq iştirak edirik. Məqsədimiz GoMap-dan istifadəni daha rahat, effektiv etmək və onu geniş məkanda tanıtmaqdan ibarətdir.
Məltəm Talıb