Azenru

Son dövrlərdə milli informasiya resurslarımız regional və qlobal bazarlara çıxmaq istiqamətində addımlar atırlar. Azərbaycan qonşu ölkələrə İnternet xidməti təqdim etməklə bərabər həm də İnternet üzərindən müxtəlif xidmətlər də təqdim edir. 
Bir sıra xarici ölkələrdə İT layihələr həyata keçirən SİNAM şirkəti həm də  elektron formada xəritə xidmətlərini artıq qonşu ölkələrə də təqdim edir.
SİNAM şirkətinin yaratdığı GoMap  layihəsinin meneceri Xaqani Nəsibovla müsahibə: 

- GoMap hazırlamaq hansı zərurətdən  yarandı?

- GoMap layihəsi 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi  ilə yaradıldı. Azərbaycan sürətlə inkişaf edən və böyük turizm potensialına malik bir ölkədir. Bu  gün dünyada turizm sahəsini inkişaf etdirmək üçün  elektron vasitələrdən geniş istifadə edilir. Azərbaycanın tarixi-mədəniyyət  abidələrini dünyaya tanıtmaq üçün  bir elektron naviqasiya  proqramına   ehtiyac var idi. GoMap Layihəni yaratmaqda məqsədimiz  ölkəmizə gələn turistləri  Azərbaycanın abidələri, tarixi yerləri, ərazilərilə tanışlıqlarına vasitəçi olmaq oldu. 
Bununla yanaşı,  layihə ölkədə turizmin inkişafını sürətləndirməyə xidmət edir. 
GoMap layihəsi  yarandığı gündən  sürətlə böyüməyə başlayıb. Belə ki, hazırda GoMap  bütöv Azərbaycanı və  Gürcüstanı əhatə edən böyük elektron resursa çevrilib. 
Xəritənin  kataloqunda 110 mindən çox  obyekt var. Gürcüstan və Azərbaycan dövləti  daxil olmaqla  48 min kilometrdən çox yollar və Azərbaycanın və Gürcüstanın meşə örtükləri, çayları, dağ zirvələri,  kanalları, göllərı haqda məlumatlar var. 
Bunların hamısı  GoMap  xəritəsində portalın kataloqunda öz əksini tapıb. Portalda  əlavə olaraq turizm və mədəniyyət xəbərləri də yerləşdirilir.

- Fəaliyyətiniz zamanı hansı çətinliklərlə üzləşdiniz? Layihəyə kimlər dəstək verib?

- İstifadə etdiyimiz proqram, texnologiya nəinki Azərbaycanda, həmçinin dünyada ilk idi. Fəaliyyətimizə qədər heç kim belə  texnologiya ilə  maraqlanıb, məşğul olmamışdı. Layihəmizi  həyata keçirmək üçün çox güclü proqram və CIS  mühəndislər qrupu yaratdıq. 
Mədəniyyət və Turizm Nazirliyi bu işdə bizə maddi,  mənəvi dəstək oldu.  Xəritənin  tam formada ərsəyə gəlməsində və  indiki  formata düşməyində böyük proqramçı əməyindən istifadə edildi. GoMap-də istifadəçilərə görünməyən, amma bizə məlum olan proqram yenilikləri var. Fəaliyyət olan yerdə çətinliklər də olur. Qarşımıza çıxan  problemləri  üstələməyə çalışdıq. 
GoMap yarananda layihə ilə nəzərdə tutulmuş iş hazır idi, amma   ideyanın arxasında böyük işlər dayandığını bildiyimiz üçün xəritənin fəaliyyətini daha da genişləndirdik.  Dünyada bu tipli böyük layihələr var, amma GoMap-i öz təcrübəmizlə yaratdıq. Kollektivimiz yerli proqramçılardan ibarətdir. Ehtiyac olmadığı üçün  layihənin ərsəyə gəlməsində xarici mütəxəssislərin  əməyindən istifadə etmədik. 

- Hazırda “GoMap” hansı istiqamətləri əhatə edir?

- Azərbaycanı tam əhatə etməyə çalışdıq. Turistlər üçün GoMapda  Azərbaycanın əsas 7 marşrutu  haqda məlumat verilib və onlar şimal, cənub, qərb, şərq istiqamətində bütün əraziləri əhatə edir.  GoMap Azərbaycan  xəritəsinə Azərbaycan və Gürcüstan daxil olmaqla 118 min POİ (obyektlər, maraq nöqtələri)  daxildir. Xəritədə yol hərəkət qaydaları və başqa xarakteristikalarla birgə  48 min 700 km-lik yollar var. GoMap xəritəsi  göllər və daxili başqa su hövzələri  də daxil olmaqla  2317 kv.km , çaylar və kanallar 33 min  897 km, yaşıllıqlar və meşələri əhatə etməklə   25  min 652 kv.km əhatə edir. Bununla yanaşı, dəmir yolları  3824 km, bina və tikililər  1 milyon 20 min, sərhədlər  isə 114min  215 km-dir.
Həmçinin işğal altında olan torpaqlarımızın da  xəritəsi var. Həmin əraziləri işğala qədər olan adları ilə xəritədə yerləşdirdik. Bu işdə bizə Şuşa  rayon  icra hakimiyyətinin başçısı cənab Bayram Səfərovun çox köməkliyi dəydi.  
Bu informasiyaları şəkillərlə portalda yerləşdirmişik, amma gələcəkdə daha cəlbedici  formada təqdim etməyi düşünürük. Bu gün internetdə axtarış sistemləri çoxdur, amma  GoMap-in üstünlüyü odur ki,  axtarılmış obyektləri tapdıqda onun haqqında geniş məlumatlar verir. Başqa axtarış sistemlərində bu imkan yoxdur. 

- İnsanların tələbatı necədir? GoMap-dən  hazırda istifadə səviyyəsi nəzərdə tutduğunuz vəziyyətdədirmi?

- GoMap-ın gündəlik  20 min istifadəçisi olur.  Bəzən müxətlif yeni proqramları sistemə tətbiq etmək üçün qısa müddətə xəritəyə giriş mümkün  olmur. Bu zaman  hədsiz sayda zənglər, müraciətlər daxil olur ki, GoMap çalışmır. Bu da onun göstəricisidir ki, insanlar xəritədən fəal istifadə edirlər. Əslində  istifadəçilərin fəaliyyətinə və saytın işləməsinə nəzarət edən ayrıca ştatımız var.  Bununla yanaşı, kənardan  da müraciətlər daxil olur. Hətta istifadəçilərimizdən çoxlu sayda məsləhətlər alırıq. Xəritədə təkliflər, şikayətlər bölməsi  ilə yanaşı, istifadəçilərin obyektlərini daxil edə bilmə imkanları da mövcuddur. Onlar obyektə qiymət, rəy də verə bilərlər. Bunların hamısına nəzarət edirik və məsləhətləri nəzərə alırıq.  Hazırda mobil istifadəçilərlə desktop istifadəçilərin sayı yarıbayarıdır.  

- Xəritədən yerli əhali yoxsa  xarici turistlər daha çox istifadə edir?

- GoMap-in statistikası göstərir ki, istifadəçilərin  təxminən 80 faizi Azərbaycandan daxil olur.  Təxminən 10 faiz  Gürcüstan,  digərləri isə Rusiya, Türkiyə, Amerikadan daxil olan istifadəçilərdir. 

- Bəzən  resursda problemlər də müşahidə  edirik. Məsələn,  “Nearby” hissəsində radiusa  klik edəndə donur və ya gec açılır. Bunun səbəbi nə ola bilər?

- Sistemin özündə  hər hansı ləngimə  yoxdur. Əsas problem internetlə bağlı ola bilər. Yəni insanlar olduqları məkanda internet zəif ola bilər. Nəzərə almaq lazımdır ki, “Nearby”  olduğunuz yerdə və onun ətrafında olan bütün obyektləri axtarıb tapır. Və bu da müəyyən zaman ala bilər. 

- Mobil telefonlarda xəritənin Azərbaycan dilində olan formasını yükləmək mümkündürmü?

- Bəli, mümkündür. Xəritə 3 dildə fəaliyyət göstərir.  İstifadəçilər mobil tətbiqə yüklədikləri xəritə üzərində  yerlərini görə,  hara gedəcəklərini  müəyyənləşdirə  bilər.     

- GoMap-lə bağlı gələcəkdə hansı yeni istiqamətlər, fəaliyyətlər  nəzərdə tutulur?

- Bu il ölkəmizdə Avropa Oyunları keçiriləcək. İndidən GoMap olaraq  oyunlara hazırlaşırıq.   GoMap naviqator kimi bütün  avtobus və marşrutlarda yerləşdiriləcək. Ölkəmizə gələn qonaqlar  proqramdan istifadə etməklə gedəcəkləri yeri rahat müəyyən edə biləcəklər. Həmçinin oyunlara dəstək vermək üçü Bakının mərkəzinin GoMap əsasında hazırlanmış oflayn naviqatoru əhaliyə və qonaqlara ödənişsiz təklif olunacaq.  Belə ki,   istifadəçilər  bu  proqramı pulsuz öz mobil telefonlarına yükləyə biləcəklər.  

- Bildiyimiz qədəriylə GoMap üzərində mobil tətbiqlər hazırlamaq üçün Startup Azərbaycan layihəsi ilə əməkdaşlığa başlamısınız. Bu addımın atılması hansı zərurətdən doğub. Mobil tətbiqlərin hazırlanması layihənizin inkişafına necə təsir  göstərəcək?

- Elektron resursların  geniş ictimaiyyətə təqdim edilməsi  üçün  startap layihələrin dəstəklənməsi təqdirəlayiq haldır. Mobil tətbiqlərin yaradılması və fəaliyyətinin genişləndirilməsi bizim üçün vacibdir. Bu sahədə rahat fəaliyyət göstərmək üçün   öz xəritəmiz də   var.  Lakin bu funksiyaları insanlara tanıtmaq lazımdır. Bu baxımdan startaplarla əməkdaşlıq bizim üçün uğurlu olacaq.  “Startap Azərbaycan 2015”-də   həm  mobil tətbiqlərlə bağlı ayrıca bölmə ilə, həm də  investor kimi çıxış   edəcəyik. Hazırda  GoMap-in fəaliyyəti  istiqamətində  birgə əməkdaşlıqla bağlı bir neçə startapla  danışıqlarımız davam edir. Yeni təşkil olunan mobil tətbiqlərə şərait yaradırıq ki, bunu GoMap üzərindən yaratsınlar.
“Startap Azərbaycan 2015”-də GoMap üzərindən verilmiş mobil tətbiqlər içərisindən ən yaxşısı seçiləcək və yaradıcılara   bahalı hədiyyə və ya  pul mükafatı təqdim etməyi nəzərdə tutmuşuq. Həmçinin insanlara lazım olacaq bütün tətbiqlərin GoMap üzərindən həyata keçirilməsi üçün şərait yaradırıq.

-Məlumatımıza görə, GoMap layihəsini  Türkiyə və Gürcüstanda da inkişaf etdirməyi  düşünürsünüz . Hazırda regional bazarlara  çıxmaqla bağlı işlər nə  yerdədir?

-Layihəni böyük naviqator kimi  formalaşdırırıq. GoMap  3 dövləti - Azərbaycan, Gürcüstan, Türkiyəni birləşdirəcək. Demək olar ki,  bu istiqamətdə fəaliyyətlərimizi yekunlaşdırmaq ərəfəsindəyik. Yaxın vaxtlarda layihəni bazara təqdim edəcəyik. 
Türkiyədəki   tərəfdaşlarımız bu işdə bizə yardım edir. Amma Gürcüstanda özümüz çalışırıq, hələki  tərəfdaşlarımız  formalaşmayıb.  Türkiyədə layihəni həyata keçirmək üçün onların xəritəsindən istifadə etdik.  Türkiyəni də GoMap ilə birləşdirməyi düşünürük.  Planımız var ki, Gürcüstan xəritəsini  həm də  gürcü dilində təşkil edək. Bu sahədə fəaliyyətlərimiz davam edir. 
GoMap layihəsi Azərbaycanda ən uğurlu elektron layihələrdən  biridir. Portalın insanlara tanıdılması baxımından müxtəlif işlər görürük, bununla bağlı  tədbirlər həyata keçiririk,  bütün turizm və nəqliyyat sərgilərində GoMap olaraq iştirak edirik. Məqsədimiz GoMap-dan istifadəni daha rahat, effektiv etmək və onu geniş məkanda tanıtmaqdan ibarətdir.

Məltəm Talıb

Инновационное программное обеспечение

Наши Партнеры