Azenru

Tehranda “İnotex-2015” beynəlxalq yüksək texnologiyalar sərgisi keçirilir

İyunun 9-da Tehranda “İnotex-2015” beynəlxalq yüksək texnologiyalar sərgisi açılıb. Azərbaycanı bu sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Ölkəmizin İrandakı səfirliyinin dəstəyi ilə Azərbaycan üçün ayrılmış 48 kvadrat metrlik pavilyonda ölkəmizdə informasiya texnologiyası sahəsində fəaliyyət göstərən 10 şirkətin istehsal etdiyi məhsullar və xidmətləri nümayiş etdirilir. Sərgidə “Sinam” MMC-nin, “Cybernet”, “Baktelekom” şirkətlərinin məhsulları, “Azərkosmos” ASC-nin göstərdiyi xidmətlərin, “Yüksək Texnologiyalar Parkı” MMC-nin və İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondunun, habelə Teleradio İstehsalat Birliyinin həyata keçirdiyi layihələr, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyət daşıyan TASİM layihəsi haqqında iştirakçılara məlumat verilib, təqdimatlar keçirilib.

İran İslam Respublikasının vitse-prezidenti Surina Səttarinin iştirakı ilə keçirilən açılış mərasimində qeyd olunub ki, sərgidə dünyanın 100-dən çox ölkəsində yüksək texnologiyalar sahəsində əldə edilən son nailiyyətlər nümayiş olunur. Sərgidə İranla yanaşı Rusiyanın, Almaniyanın, Yunanıstanın, İsveçrənin, Hindistanın, Koreya Respublikasının, Yaponiyanın, Böyük Britaniyanın, Çinin və başqa ölkələrin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri iştirak edirlər.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun dəvəti ilə İranın vitse-prezidenti Surina Səttari Azərbaycan pavilyonuna gəlib və ölkəmizdə istehsal olunan informasiya və kommunikasiya məhsulları ilə tanış olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov Azərbaycan istehsalı olan “Azped” planşet kompüteri Surina Səttariyə hədiyyə edib.

Sərgi çərçivəsinə Azərbaycan nümayəndə heyətinin üzvləri digər ölkələrin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək təcrübə mübadiləsi aparıb və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını dəyərləndiriblər.

Azərbaycan pavilyonunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarını əks etdirən stend də qurulub. Stend sərgini ziyarət edənlərin marağına səbəb olur və onlara bu möhtəşəm idman yarışı barəsində məlumat verilir. Qeyd olunub ki, idmançıların yaşayacaqları məkanlarda və yarışların keçiriləcəyi idman arenalarında pulsuz, sürətli WI-FI internet sistemi quraşdırılacaq.

Azərbaycan nümayəndə heyəti Tehrana səfəri çərçivəsində İranın elm və texnologiyalar üzrə vitse-prezidentinin rəhbərliyi altında fəaliyyət göstərən “Pardis” Yüksək Texnologiyalar Parkını ziyarət edib, müəssisənin fəaliyyəti ilə yaxından tanış olub. Parkın rəhbərliyi ilə keçirilən görüşdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb, iki ölkənin müvafiq təsisatları arasında əlaqələrin perspektivləri dəyərləndirilib.

 

Seçmə Proqram Təminatı

Partnyorlarımız