Azenru

Cənubi Qafqazın və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biri olan SINAM şirkəti son illər Azərbaycanın hüdudlarından kənarda uğurla elektron hökumət həllərini tətbiq etməkdədir. Azərbaycanın ixrac potensialının artırılması üzrə dövlət siyasətinə uyğun olaraq, SINAM şirkəti rəqabətədavamlı və müasir texnoloji standartlara cavab verən proqram təminatını  müxtəlif ölkələrdə tətbiq etmək istiqamətində fəaliyyətini genişləndirməkdədir.

SİNAM şirkəti Qırğızıstanda fəaliyyətini 2009-cu ildən başlamışdır. Hazırda şirkət Mərkəzi Asiya regionunda yerləşən bu ölkədə 3 layihə həyata keçirmişdir. Maraqlıdır ki, bu layihələr Dünya Bankının və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılmışdır.

SİNAM şirkəti həmçinin Qırğızıstanda Azərbaycanın e-hökumət istiqamətində müsbət imicinin formalaşması üçün əməli addımlar da atmışdır. Məsələn, 2014-cü ildə SİNAM şirkəti və Azərbaycanın Maliyyə Nazirliyi birgə Qırğızıstan hökumətinin təşəbbüsü ilə Bişkekdə Elektron hökumət mövzusunda keçirilən konfransda bu sahədə Azərbaycanın təcrübəsi ilə bölüşmüşdür.

“İnteqrasiya olunmuş Verginin İdarə olunması İnformasiya Sistemi”nin yaradılması və tətbiqi layihəsi

2009-cu ildə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Vergi İnzibatçılığının Yenidən Qurulması və Müasirləşdirilməsi” layihəsi çərçivəsində Qırğızıstan Hökuməti yanında Dövlət Vergi Xidməti üçün “İnteqrasiya olunmuş Verginin İdarə olunması İnformasiya Sistemi”nin yaradılması və tətbiqi üzrə tenderin qalibi SINAM şirkəti elan edilmişdir.

Tenderdə SINAM şirkəti e-hökumət üçün analoji sistemlərin işlənib hazırlanması üzrə dünyanın aparıcı şirkətlərindən olan “FreeBalance” (Kanada) şirkətini arxada qoya bilmişdi. 2010-cu ilin iyul ayında Qırğızıstan Hökuməti yanında Dövlət Vergi Xidməti ilə SINAM şirkəti arasında müqavilə bağlanmışdır.

Layihənin məqsədi  Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətinin (DVX) əsas biznes-proseslərini əhatə edən müasir vergi inzibatçılığı sisteminin qurulması idi.

Layihə çərçivəsində Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatı işlənib hazırlanmış və DVX-nin mərkəzi aparatında və ölkənin bütün rayon vergi müfəttişliklərində tətbiq olunmuşdur. Tətbiq edilmiş informasiya sistemi 13 moduldan ibarətdir ki, onların hər biri müəyyən istiqamətlər üzrə DVX-nin biznes proseslərinin avtomatlaşdırılmasını təmin edir.

Proqram təminatının hazırlanması üçün ən müasir İT texnologiyalarından istifadə edilmişdir. Belə ki, Qırğızıstan Respublikasında ilk dəfə olaraq analitik hesabatlılıq sisteminin yaradılması üçün “Oracle Business Intelligence” sistemindən istifadə olunmuşdur.

Qeyd edək ki, analitik sistemlərin və hesabatlılığın yaradılması üçün nəzərdə tutulan bu məhsul biznes-təhlil üçün müasir platformanı təmin edir ki, bu da bütün təşkilat miqyasında daha yaxşı qərarların qəbul edilməsi məqsədilə tam və mühüm məlumatları vaxtında almağa imkan verir. Hazırda verilənlər bazasının idarəedilməsi üçün nəzərdə tutulan bu sistem istənilən mühüm informasiya sisteminin mütləq hissəsinə çevrilib. Oracle Exadata DB machine platformalı verilənlər bazasının idarəetmə serverlərindən, məlumat saxlama sistemlərindən, periferiya və şəbəkə avadanlığından, həmçinin proqram təminatından ibarətdir. Layihə 2013-cü ilin sentyabr ayında SİNAM şirkəti tərəfindən uğurla tamamlanmışdır. Hazırda şirkətin mütəxəssisləri sistemə texniki dəstək xidmətini göstərir.

Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentinin sənədlərinin elektron arxivinin yaradılması

SINAM şirkəti 2011-ci ildə Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentinin sənədlərinin elektron arxivinin yaradılması üzrə keçirilmiş tenderin qalibi elan olunmuşdur. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icrası ilə bağlı tərəflər arasında 2011-ci ilin oktyabrında müqavilə bağlanmışdır.

Tender Dünya Bankı tərəfindən maliyyələşdirilən Torpaq və Daşınmaz Əmlakın qeydiyyatının ikinci layihəsi çərçivəsində keçirilmişdir. Layihə çərçivəsində SİNAM şirkəti Departamentin Bişkek və Oş şəhərlərində və Alamudin rayonunda yerləşən yerli qeydiyyat ofislərinin təxminən 3,3 milyon səhifədən ibarət kadastr və digər sənədlərinin rəqəmsallaşdırılması - elektron nüsxələrinin yaradılması, sənədlərin indeksləşdirilməsi və sənədlər haqqında meta-verilənlərlə birlikdə Dövlət Qeydiyyat Xidmətinin verilənlər bazasında yaddaşda saxlanılması üzrə işləri həyata keçirmişdir. Layihə 2012-ci ilin oktyabr ayında SINAM şirkəti tərəfindən uğurla başa çatdırılmışdır.

“QırğızHidroMet-in arxivinin uzunmüddətli saxlanması üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar Fondunun yaradılması"

SINAM, 2013-cü ilin oktyabr ayında Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən “QırğızHidroMet-in arxivinin uzunmüddətli saxlanması üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar Fondunun yaradılması" üzrə tenderdə iştirak etmiş və həmin tenderin qalibi elan edilmişdir. Layihənin icrası ilə bağlı 2014-cü ilin mart ayında tərəflər arasında müqavilə imzalanmışdır.

2014-cü ilin mart ayında başlayan layihə çərçivəsində arxivdə sənədlərin saxlanması üçün zəruri infrastruktur yaradılmışdır. Arxivin uzunmüddətli saxlanması üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması üçün avadanlıqlar və müvafiq standart proqram təminatları təchiz edilərək quraşdırılmış və "QırğızHidroMet"-in arxivində yerləşən təqribən 880 min səhifədən ibarət müxtəlif formatlı kağız sənədləri rəqəmsal şəklə salınmış, SİNAM şirkəti tərəfindən yaradılmış xüsusi “Arxiv” proqram təminatı vasitəsilə sənədlərin yaradılmış elektron nüsxələri onlar haqqında müvafiq məlumatlarla birlikdə “Arxiv” verilənlər bazasına daxil edilmişdir. Bundan əlavə “Arxiv” və digər hidrometeoroloji fəaliyyəti dəstəkləyən proqram təminatları ilə işləmək vərdişlərinin öyrədilməsi üçün istifadəçilərə  treninqlər keçirilmişdir. Layihə 2014-cü ilin dekabr ayında SINAM şirkəti tərəfindən uğurla tamamlanmışdır.

Azərbaycan şirkətinin fəaliyyəti Qırğızıstanda yüksək qiymətləndirilmişdir. SİNAM şirkətinin prezidenti Elçin Əliyev Qırğızıstanın Dövlət Vergi Xidməti tərəfindən həmin qurumda informasiya kommunikasiya texnologiyalarının inkişafına verdiyi töhfəsinə görə xüsusi medalla təltif edilmişdir.

Qeyd etmək lazımdır ki, SINAM şirkəti 2015-ci ildə Qırğızıstanda yeni mürəkkəb layihənin reallaşdırılmasında iştirak etmək niyyətindədir.  Qırğızıstanın Maliyyə Nazirliyi bu il Dövlət xəzinədarlığının avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması üçün növbəti tenderin keçirməsini planlaşdırır. Bu layihənin ilkin mərhələsinin reallaşdırılmasında iştirak edən Kanadanın Free Balance şirkəti işin öhdəsindən gələ bilmədiyi üçün Maliyyə Nazirliyi onlarla müqaviləyə xitam vermişdir.

Qırğızıstanda digər layihələrlə bağlı uğurunu nəzərə alaraq, Maliyyə Nazirliyi tenderdə iştirak edəcək biznes subyektlərin siyahısına SINAM şirkətini də salmışdır. Azərbaycanın Dövlət Xəzinədarlığında tətbiq olunan sistemin Bişkek şəhərində təqdimatı da bu qərarın verilməsində əsas faktorlardan biri olmuşdur. Maraqlıdır ki, SİNAM artıq bir dəfə Free Balance şirkəti ilə rəqabətdə tenderdə qalib çıxmışdır.

Инновационное программное обеспечение

Наши Партнеры