Azenru

SİNAM şirkəti Əfqanıstanın paytaxtının ünvan sisteminin yaradılması ilə əlaqədar təklif hazırlayır

SİNAM şirkəti Kabil şəhərinin ünvan sisteminin yaradılması ilə əlaqədar Əfqanıstanın Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyinə konsultasiya xidmətləri göstərir. Bu haqda cümə günü şirkətin prezidenti Elçin Əliyev məlumat verib.

Onun sözlərinə görə, SİNAM şirkətinin təmin etdiyi xidmət Əfqanıstanın paytaxtının ünvan reyestrinin yaradılması işinin birinci mərhələsidir. İkinci mərhələnin yerinə yetirilməsi üçün tender elan olunacaq və şirkət layihənin icra edilməsi üçün namizədlərdən biri olmaq niyyətindədir.

“Əfqanıstanın paytaxtının bina və yaşayış massivlərinin adresasiyası problemi kifayət qədər kəskindir. Şirkətin hazırda göstərdiyi konsultasiya xidmətləri ən yaxşı dünya standartları əsasında Kabilin bina və küçələrinin düzgün adresasiya sisteminin yaradılmasını əhatə edir”, – deyə Elçin Əliyev qeyd edib. Onun sözlərinə görə, gələcəkdə bu ölkənin vətəndaşları tərəfindən istifadə edilə biləcək ünvan reyestrinin və xidmətin (GoMap kimi) yaradılması nəzərdə tutula bilər.

Daha əvvəl Əfqanıstanın Kommunikasiya və İnformasiya Texnologiyaları naziri Amirzai Sangin GoMap elektron xəritəsindən (SİNAM şirkətinin məhsulu olan) yerli Əfqanıstan xəritəsinin yaradılması üçün platforma kimi istifadə etmək istədiklərini qeyd etmişdi.

Hal-hazırda GoMap.az 120 mindən artıq lazımlı obyekti, 8,4 mindən artıq yaşayış məntəqəsini, 80 şəhər və qəsəbə ilə əlaqədar ünvan məlumatlarını, 47 mindən artıq yolu (yol hərəkəti qaydaları və yol nişanları daxildir) əhatə edir. Eyni zamanda elektron xəritədə 100 min obyekt fotoşəklini tapmaq mümkündür.

Bu gün GoMap.az-ın mobil versiyası Android, iOS, Bada və Windows Phone platformalarını dəstəkləyir. 2013-cü ildə GoMap.az proqramı AppStore, PlayMarket və Google Market mağazalarında yerləşdirilib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız